Türkiyə Silahlı Qüvvələrinin bu ilin əvvəlindən bölgədə keçirdiyi 18 əməliyyat çərçivəsində 316 terrorçu zərərsizləşdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Pınar Kara bildirib.
Onun sözlərinə görə, ümumilikdə 2015-ci il iyulun 24-dən bu günə qədər İraqın şimalı və Suriya da daxil olmaqla, regionda 33 584 terrorçu zərərsizləşdirilib.
Kara “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Barış Pinarı” və “Bahar Qalxanı” əməliyyatları sayəsində Suriyanın şimalında terror təhlükəsinin böyük ölçüdə qarşısının alındığını vurğulayıb.
O xatırladıb ki, Türkiyə Silahlı Qüvvələrinin səyləri nəticəsində Suriyanın bir sıra bölgələrində təhlükəsizlik təmin edilib və bu, bir milyondan çox suriyalının könüllü olaraq öz torpaqlarına qayıtmasına imkan verib. Üstəlik, onlardan 470 mindən çoxu İdlib deeskalasiya zonasında yerləşir.
Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Türkiyə Suriyadakı humanitar böhrana ən qısa zamanda və tamamilə son qoymaq üçün fəal səy göstərir.