Avstraliyanın üç regionu koalaları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat verən Avstraliyanın ətraf mühitin mühafizəsi naziri Syuzan Ley söhbətin Yeni Cənubi Uels, Kvinslend və Avstraliya paytaxt ərazisindən getdiyini bildirib.
“Biz alimlər, tədqiqatçılar, baytarlar, təbiəti mühafizə təşkilatları, regionların hakimiyyət orqanları və icmalarla sıx əməkdaşlıq şəraitində kolaların qorunması üçün lazım olan addımları atırıq”, – deyə nazirliyin bununla əlaqədar yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, bu ərəfədə Avstraliya hökuməti 2019-2020-ci illərdə meşə yanğınları zamanı zərər çəkmiş heyvanların bərpası üçün növlərin qorunması üzrə dövlət elm komitəsinə 200 milyon Avstraliya dolları (144,7 milyon ABŞ dolları) məbləğində vəsait ayırıb. Kolaların tədqiqi və müalicəsi məqsədilə nəzərdə tutulan proqrama da əlavə olaraq 50 milyon Avstraliya dolları (36,1 milyon ABŞ dolları) vəsait ayrılıb.
Nazir əlavə edib ki, son 25 ildə koalalar Avstraliyada quraqlıq, meşə yanğınları və xəstəliklər kimi bir sıra problemlərlə qarşılaşıb. Bundan əlavə, urbanizasiya və kənd təsərrüfatının inkişafı səbəbindən bu heyvanlar yeganə yaşayış sahəsi olan evkalipt meşələrindən məhrum olub.
Bu ərəfədə Avstraliyada dünyada ilk dəfə ördəkburunlar üçün qoruq yaradılacağı barədə məlumat da yayılıb.