Rusiya Ukraynaya hücum edərsə, Amerika hərbi qulluqçuları bu ölkədə vuruşmayacaqlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu bəyanatla bazar günü Pentaqonun mətbuat katibi Con Kirbi MSNBC kanalının efirində çıxış edib.
“Prezident Co Bayden aydın şəkildə bildirib ki, Amerika hərbi qulluqçuları Ukraynada vuruşmayacaqlar”, - deyə C.Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ qoşunlarının, hətta Amerika vətəndaşlarının Ukraynadan təxliyəsində də istifadə olunmayacaq, bu, vəziyyəti “yeni səviyyəyə” gətirib çıxara bilər. Amerikalılar ölkəni hərbçilərin köməyi olmadan sərbəst tərk edə bilərlər. Bunun üçün infrastruktur, nəqliyyat və Ukraynadan gedən yollar var.
Con Kirbi, həmçinin qeyd edib ki, Ukrayna ətrafında münaqişəni aradan qaldırmaq imkanları hələ tükənməyib, lakin vaxt getdikcə azalır.