Ukrayna Rusiyanın qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nı (LXR) tanıması qərarını pisləyir və beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Rusiyanın bu qərarının heç bir hüquqi nəticəsi olmayacaq.
"Bu qərar vəziyyətin eskalasiyası riskini kəskin artırır və Rusiyanın birtərəfli qaydada Minsk razılaşmalarından çıxmasını ifadə edir", - bəyanatda deyilir.
Bəyanatda, həmçinin bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin tapşırığı ilə Ukrayna diplomatiyası silahlı münaqişənin qarşısının alınması üçün bütün diplomatik səylərini işə salıb, xarici işlər naziri Dmitro Kuleba diplomatik səylərin əlaqələndirilməsi, beynəlxalq təşkilatların iclaslarının, sammitlərin təşkil olunması, hərbi yardımın cəlb olunması və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi məqsədilə həmkarları ilə daimi təmasdadır.