İlon Maskin “SpaceX” kompaniyasına məxsus “Falcon 9” raketi NASA-nın Florida sahillərindəki Con Kennedi adına kosmik mərkəzindən daha 46 “Starlink” peykini orbitə çıxarıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniyanın məlumatına görə, fevralın 21-də start götürən daşıyıcı raket 20 dəqiqədən sonra peykləri planlaşdırılan orbitə çatdırıb.
Bu, ilin əvvəlindən bəri “Falcon 9” raketinin yeddinci missiyasıdır. Onlardan dördü “Starlink” peykləri, digərləri isə İtaliyanın CSG-2 peykinin kosmosa çatdırılması, “Transporter-3” missiyası və ABŞ-ın Hərbi-Kosmik Kəşfiyyat üzrə Milli İdarəsinin yükü ilə bağlıdır. Ümumilikdə isə bu il İlon Maskın kompaniyası kosmosa 50-yə yaxın uçuş həyata keçirmək niyyətindədir. Fevralın 25-də “Starlink” peyklərinin növbəti partiyasının kosmosa göndərilməsi planlaşdırılır.
Bu ayın əvvəlində kompaniya orbitə “Starlink” peyklərinin növbəti qrupunu yerləşdirmişdi, lakin bir neçə gün sonra baş verən geomaqnit qasırğası nəticəsində 49 peykin 40-ı sıradan çıxmışdı.
Qeyd edək ki, “SpaceX” kompaniyası planetin istənilən nöqtəsində yer kürəsi sakinlərinin genişzolaqlı internetə girişini təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün 12 min kosmik aparatı orbitə çıxarmağı planlaşdırır. İnvestisiyaların ümumi həcminin 10 milyard dollar olduğu layihənin reallaşdırılmasına 2019-cu ilin mayında başlanıb.