İordaniyalı və fransız arxeoloqlardan ibarət ekspedisiya İordaniyanın Şərqi Səhra bölgəsindəki neolitik arxeoloji məkanında 9 min əvvələ aid ziyarətgah tapıb.
NUHÇIXAN İnformasiya Agentliyi Petra agentliyinə istinadla xəbər verir ki, qədim ibadət kompleksində mövcud olmuş və Neolit dövrünə aid düşərgədə heyvanların, o cümlədən vəhşi ceyranların saxlanıldığı yer də aşkarlanıb. Uzun daş divarlardan ibarət olan bu tikililərin minilliklər boyu öz görkəmini qoruyub saxlaması arxeoloqların təəccübünə səbəb olub.
Ziyarətgahın içərisində antropomorfik fiqurları olan iki oyma dayanıqlı daş, birində heyvan və quş təsvirləri, həmçinin qurbangah, ocaq və ceyran tələsinin miniatür maketi var. Arxeoloqlar bildiriblər ki, ziyarətgah Neolit dövründə insanların məşğuliyyəti, məişəti və mədəniyyətinin tədqiqində yeni səhifə açır. Bu tapıntı göstərir ki, həmin dövrdə insanların əsas məşğuliyyət növü ovçuluq olub və onlar öz qənimətlərini qayaüstü rəsmlərdə əks etdiriblər.
İordaniyanın Əl Hüseyn Bin Talal Universiteti və Fransanın Yaxın Şərq İnstitutunun arxeoloqlarının bu ərazidə apardıqları qazıntı işləri davam edir.