Kiyevlilər rus BTR-lərini “Molotov kokteylləri” ilə belə yandırdılar - VİDEO
Ötən gecə Ukrayna paytaxtı Kiyevə aramsız hücumlar edən Rusiya hərbçiləri şiddətli atəşlə qarşılanıb. İşğalçıların xeyli texnikası məhv edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paytaxtın kənarında kiyevlilər şəhərə girişi yarmağa çalışan Rusiya hərbi texnikalarını “Molotov kokteylləri”nin zərbəsi altına salıblar.
Sosial şəbəkələrin Ukrayna seqmentində ruslara qurulan “cəhənnəm”in videogörüntüləri yayılıb.
Sosial şəbəkə istifadəçilərindən biri yazır: “Kiyevin kənarında xalq rus tankları ilə əldəqayırma bombalarla döyüşür”.
Kiyev meri Vitali Kliçko bu gün səhər bildirib ki, ruslar Kiyevə soxulmağa cəhdlərə davam etdiyi üçün Ukrayna paytaxtını çətin gün gözləyir. Lakin hazırda Kiyevdə rus qoşunları yoxdur:
"Düşmən Qostomeldən, Jitomirdən keçməyə çalışır. Orada təcavüzkarlar zərərsizləşdirilib. İndi Kiyevdə təxribat qrupları fəaliyyət göstərir - bir neçə toqquşma, atışma olub. Səhər saat 6:00-a olan məlumata görə, iki uşaq olmaqla 35 nəfər yaralanıb”, - Kliçko videomüraciətində bildirib.