Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir. Konsulluq əməkdaşları Xarkov vilayət ərazisində olan həmvətənlərimizin yerlərinin müəyyənləşdirilməsi və qeydiyyatı prosesini davam etdirir. Ötən 24 saat ərzində müraciət etmiş 300-dən çox soydaşımız qeydiyyata alınıb və onlar təhlükəsizlik məsələləri ilə bağlı təlimatlandırılıb. Eyni zamanda ən təhlükəli bölgələrdən 30 nəfər həmvətənimiz Xarkov şəhərindən Ukrayna-Polşa sərhədinə evakuasiya edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov məlumat verib.
"Fəxri konsulluq Xarkov vilayət administrasiyasının operativ qərargahı ilə kommunikasiya kanalı formalaşdırılıb və vəziyyətdən asılı olaraq həmvətənlərin evakuasiyası prosesi davam etdiriləcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi və Diaspora ilə iş üzrə dövlət komittəsinin rəhbərliyi prosesi daim nəzarətdə saxlayır. Xarkov vilayətində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna görə bir daha həmvətənləri olduqları yerləri tərk etməməyə, hərbi obyektlərin yerləşdikləri ərazilərə yaxınlaşmamağa çağırırıq.
Konsulluq əməkdaşları sosial media hesablarını izləyir və sosial media kanallarında Xarkov vilayətində olan həmvətənlərimizin müraciətləri dərhal tərəfimizdən araşdırılır və onlarla mütəmadi kommunikasiya əlaqəsi təmin edilir.
Ötən gün Xarkov şəhərinin mərkəzində Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov gülləyə tuş gələrək qətlə yetirilib. Həlak olan Qoşqar Məmmədov əslən azərbaycanlı, Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur. Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri konsulluğunun kollektivi Qoşqar Məmmədovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək", - fəxri konsul vurğulayıb.