Fevralın 24-dən başlayan Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. Sosial şəbəkələrdə paylaşılan görüntülərdən məlum olub ki, Rusiya ordusunun hərbi texnikaları böyük “Z” hərfi ilə işarələnib. Ukrayna sosial şəbəkələrində iddia edilirdi ki, üzərində “Z” hərfi olan texnikalar birbaşa Zelenskini hədəfə alıblar.
Rusiya hərbi saytlarına açıqlama verən ekspert, ehtiyatda olan polkovnik Viktor Baraneç bildirib ki, “Z” hərfinin mənası “Zapad”, yəni Qərb deməkdir. Bu hərbi birləşmələr Belarusda hərbi təlim keçirilərkən şərti olaraq Qərb cəbhəsi adlandırılmışdı.
Rusiya sosial şəbəkələrində işarənin “Zorro”nun imzasının simvolizə edildiyini də deyirlər. Yəni ordu Ukrayna xalqının xilaskarı kimi ölkəyə daxil olub. Hətta bu işarənin “Zabiraem”, yəni “alırıq”, “götürürük” sözünün baş hərfi olduğu da söylənilir.
Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının veteranı, ehtiyatda olan mayor Sergey Kuvıkin isə bildirib ki, hərbçilərin harada yerləşməsindən asılı olmayaraq, hər bir bölməyə taktiki simvollar verilib. Bu xüsusi əməliyyatlarda istifadə olunur.
Kuvıkinin fikrincə, bu cür işarələrin zirehli maşınlara tətbiq edilməsinin başqa bir səbəbi irəliləyən bölmələrin ayrılması ola bilər. Ehtiyatda olan zabit onu da əlavə edib ki, qoşunlara tapşırıqların fərqliliyinə görə kvadrat içərisində “Z”, dairədə “Z” və ya üçbucaqda “Z” kimi işarələr də verilə bilər.
Paylaşılan görüntülərdən o da məlum olub ki, Rusiya ordusunda digər Latın hərflərlə, yəni “V” Viva, “O” “Omikron” və digər hərflərlə işarələnmiş texnikalar da var.
Ukrayna “Telegram” kanallarında isə 6 növ şifrələnmiş qoşun olduğu bildirilib. İddialara görə, Rus ordusu “Z”, “V”, “A”, “X” hərfləri ilə işarələnib.
Qeyd olunub ki, “Z” işarəsi - Rusiya ordusunun şərq qüvvələrinin, kvadrat içərisində “Z” işarəsi - Krım qüvvələrinin, “V” - dəniz piyadalarının, “A” - xüsusi təyinatlı qüvvələrin, “O” - Belarusdan gələn əsgərlərin, “X” isə Çeçenistandan gələn kadırovçuların simvoludur.