Aİ ölkələri Ukraynaya daha əvvəl çatdırılacağı açıqlanan döyüş təyyarələrini göndərməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Politico nəşri yazır.
Belə ki, Polşa Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini bildirib. Polşa ilə yanaşı, Bolqarıstan və Slovakiya hökumətləri də Ukraynaya hərbi təyyarə göndərməyəcəyini bildiriblər.
Bolqarıstanın baş naziri Kiril Petkov bildirib ki, onun ölkəsində istismara yararlı təyyarələr və ehtiyat hissələri yoxdur, həmçinin Ukraynaya təyyarələrin verilməsindən əlavə, ölkənin hava məkanını qorumaq üçün belə kifayət qədər qırıcı yoxdur. Slovakiya Müdafiə Nazirliyinin sözçüsü də məlumatı təkzib edib: "Slovakiya Ukraynaya döyüş təyyarələri göndərməyəcək".
Eyni fikri Polşa prezidenti Andjey Duda səsləndirib. Polşadakı Lask aviabazasında NATO-nun baş katibi Yens Stoltenberqlə birgə çıxış edən A.Duda ölkəsinin "Ukraynaya heç bir təyyarə göndərmək niyyətində olmadığını" deyib və bunun "hərbi müdaxiləyə səbəb olacağını" iddia edib.