Ermənistanın yeni prezidentinin seçilməsi məsələsi parlamentin çərşənbə günü keçiriləcək iclasının gündəliyinə daxil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni dövlət başçısı postuna yeganə namizəd Baş nazir Nikol Paşinyanın komandasının üzvü, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyandır.
Müxalifətdə olan “Ermənistan” və “Şərəf duyuram” parlament blokları prezidentliyə namizəd irəli sürmək fikrində olmadıqlarını və hazırkı vəziyyətdə hətta dolayısı ilə bu seçkilərdə iştirakın və legitimləşdirilməsini qəbuledilməz və yanlış hesab etdiklərini bildiriblər.
Ermənistan konstitusiyasına görə, prezidenti seçmək üçün parlament deputatlarının ümumi sayının azı dörddə üçünün səsini toplamaq lazımdır. Paşinyanın Vətəndaş Razılaşması Partiyası ölkənin 107 deputatdan ibarət qanunverici orqanında 71 mandata malik olduğundan, çox güman ki, ikinci turda seçkilər keçiriləcək və bu müddət ərzində namizədin ən azı deputatların beşdə üç hissəsinin səsini alması kifayətdir.
Xaçaturyan 2021-ci ilin avqustunda yüksək texnologiyalar sənayesi naziri təyin edilib. İxtisasca iqtisadçıdır, 1992-1996-cı illərdə Yerevan meri vəzifəsində çalışıb. Yerli ekspertlər vurğulayırlar ki, Paşinyan yalnız loyallığına görə onun namizədliyi üzərində dayanıb.
Sabiq dövlət başçısı Armen Sarkisyan 2018-ci ildən Ermənistan prezidenti vəzifəsini icra edib. O, 2022-ci il yanvarın 23-də istefa verib və bu addımını Prezidentin həm daxili, həm də xarici siyasətdə dövlət və millət üçün ən vacib məsələlərə təsir etmək üçün lazımi alətlərə malik olmaması ilə izah edib. Yeni prezident seçilənə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Alen Simonyan yerinə yetirir.