Ukrayna Rusiya ilə danışıqların ikinci raunduna hazırdır, amma hələlik onun nə vaxt baş tutacağını bilmir.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib. Danışıqların birinci raundunun nəticələrini şərh edən Kulebanın sözlərinə görə, rusiyalıların tələbləri prinsip etibarilə dəyişməz qalır – bu, Vladimir Putinin öz müraciətində səsləndirdiyi tələblərdir.
“Biz danışıqlara hazırıq, biz diplomatiyaya hazırıq, lakin heç bir halda Rusiyanın ultimatumlarını qəbul etməyə hazır deyilik”, - deyə nazir Ukrayna XİN-in feysbuk səhifəsində yayımlanan brifinqdə vurğulayıb.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel vilayətində keçirilən danışıqların birinci raundu beş saata yaxın davam edib. Bundan sonra nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdıblar. Kiyev üçün əsas müzakirə mövzusu atəşin dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılması olub.
Bu ərəfədə Kremlin yaydığı məlumata əsasən, Rusiya nümayəndə heyəti çərşənbə günü axşam danışıqların növbəti raundunun keçiriləcəyi yerə gələcək və Ukrayna təmsilçiləri ilə görüşə hazır olacaq.