Barselonada mobil texnologiyalar üzrə dünyanın ən iri sərgisi – “Mobile World Congress” (MWC) keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rabitə və sənayedə inqilab etmək üçün nəzərdə tutulmuş beşinci nəsil 5G mobil rabitəsi MWC-də iştirak edən telekommunikasiya şirkətləri üçün əsas hədəfdir. Hazırda dünya üzrə mobil xətlərin yalnız 8 faizi 5G şəbəkələrini dəstəkləyir.
Qlobal Mobil Operatorlar Assosiasiyasının (GSMA) proqnozuna görə, 2025-ci ilin sonuna kimi 5G bütün mobil rabitələrin təxminən dörddə birini təşkil edəcək və dünyada hər beş nəfərdən ikisindən çoxu beşinci nəsil mobil rabitədən istifadə edəcək.
2021-ci ildə dünyanın 70 bazarında 176 mobil operator, dörd əsas İspaniya operatoru (“Telefonica”, “Vodafone”, “Orange” və “MasMovil”) daxil olmaqla, kommersiya xidmətlərini 5G şəbəkəsində işə salıblar. Bu ilin sonunadək 5G şəbəkəsinə qoşulmaların sayının bir milyarda çatacağı gözlənilir ki, bu da mövcud 8,3 milyard SİM kartla müqayisədə nisbətən kiçik rəqəmdir. Beşinci nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək üçün mobil telefonların əlverişliliyinə ehtiyacı var.
“Samsung” şirkəti bildirib ki, 2022-ci ilə qədər 5G-ni dəstəkləyən smartfonlar bütün mobil satışların yarıdan çoxunu təşkil edəcək. Bu arada, 5G telefonunun orta pərakəndə satış qiyməti 500 dollardan (445 avro) aşağı düşüb, 150 dollardan (125 avro) aşağı qiymətə isə Çin smartfon istehsalçısı “Realme” kimi seçilmiş istehsalçılardan almaq mümkündür. Bu, daha az imkanlı bazarlarda 5G-nin qəbulu üçün yaxşı vəd edir və bu texnologiyaya əsaslanan innovativ xidmətlərə qapı açır.
Bununla belə, GSMA hesabatında vurğulanır ki, 5G şəbəkəsinin regionlar üzrə inkişafı çox qeyri-bərabər olacaq. Əgər 2025-ci ilə qədər Asiya-Sakit Okean regionunun ən inkişaf etmiş ölkələrində 5G-yə qoşulmanın 64 faizə, ABŞ-da 63 faizə və Çində 52 faizə çatacağı gözlənilirsə, Avropada bu rəqəm çətin ki, 44 faizə çatacaq.
GSMA-nın məlumatına görə, 2025-ci ilə qədər əksəriyyəti Asiya-Sakit Okean və Afrikadan olacaq yeni mobil abunəçilərin sayı 400 milyon artaraq 5,7 milyarda (dünya əhalisinin 70 faizi) çatacaq.
Mobil operatorlar şəbəkələrini genişləndirmək və saxlamaq üçün 2022-2025-ci illər arasında dünya üzrə 600 milyard ABŞ dollarından çox (535 milyard avro) kapital qoyuluşu ilə üzləşəcəklər ki, bunun da təxminən 85 faizi 5G şəbəkələrinə gedəcək.
GSMA hesab edir ki, mobil texnologiya və xidmətlər keçən il qlobal ÜDM-in 5 faizini, 4,5 trilyon dollar (4 trilyon avro) təşkil edib. ÜDM-ə bu töhfənin 2025-ci ilə qədər təqribən 5 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır, ona görə ki, dünya ölkələri mobil xidmətlərdən istifadənin artması nəticəsində əldə edilən məhsuldarlıq və səmərəlilikdən getdikcə daha çox faydalanırlar.