Ermənistan parlamenti səsvermənin ilk turunda prezident seçə bilməyib, bunun üçün hakim “Vətəndaş müqaviləsi” fraksiyasının səsi kifayət etməyib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı postuna yeganə namizəd yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçaturyan yalnız 69 deputatın səsini qazanıb. Parlamentdəki müxalif fraksiyalar isə seçkiləri boykot edib.
Ermənistan konstitusiyasına görə, prezident ilk turda parlament deputatlarının ümumi sayının azı dörddə üçünün (81 səs) səsini toplayaraq seçilə bilərdi. Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası ölkənin 107 deputatdan ibarət qanunverici orqanında yalnız 71 mandata malikdır və seçkilərin bu gün keçirilməsi planlaşdırılan ikinci turunda deputatların ən azı beşdə üçünün (65 səs) səsi prezidentin seçilməsinə kifayət edir.
Yerli ekspertlərin fikrincə, Nikol Paşinyan yalnız loyallığına görə Vahan Xaçaturyanın namizədliyi üzərində dayanıb, çünki Ankara və Bakı ilə gözlənilən razılaşmalar səbəbindən onun bu postda öz adamına ehtiyacı var.
Qeyd edək ki, 2018-ci ildən Ermənistan prezidenti seçilən Armen Sarkisyan 2022-ci il yanvarın 23-də istefa verib. O, bu addımını prezidentin həm daxili, həm də xarici siyasətə təsir imkanlarının olmaması ilə izah edib.