Ukrayna Prezidenti Volodimir Zelenski Enerqodardakı Zaporojye atom elektrik stansiyasında (AES) başlayan yanğınla bağlı Avropa liderlərinə müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyinin UNİAN-a istinadla xəbərinə görə, müraciət dövlət başçısının teleqram kanalında yerləşdirilib.
Prezident bu cür hücumların Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa biləcəyi barədə xəbərdarlıq edib: “Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.
Ukrayna Prezidenti hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.