Hulusi Akar: Türkiyə olaraq, sadəcə, Ukrayna üçün deyil, həm də humanitar yardıma böyük əhəmiyyət verən ölkəyik
Türkiyə olaraq, sadəcə, Ukrayna üçün deyil, həm də humanitar yardıma böyük əhəmiyyət verən ölkəyik. Digər ölkələr kimi, biz də Ukraynada humanitar böhranı mümkün qədər yumşaltmaq üçün əlimizdən gələni edirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ifadə edib.
Rusiya və Ukraynanın müdafiə nazirləri ilə görüşlərlə bağlı sualı cavablandıran H.Akar Türkiyənin bütün fəaliyyətlərində sülh və dialoqun tərəfində olduğunu, eləcə də bu danışıqlar zamanı Ukraynada qalan Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı fikir mübadilələrinin aparıldığını vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinə aid iki ədəd “A400M” tipli təyyarənin Ukraynada qaldığını xatırladan H.Akar bildirib ki, fevralın 24-də Ukraynaya humanitar yardım çatdıran bu təyyarələr hava sahəsinin bağlanması səbəbindən bu ölkədə qalıb. Hazırda təyyarələrin ölkəyə gətirilməsi ilə bağlı hər iki tərəflə danışıqlar aparılır.