İqlim dəyişikliyi və tropik meşələrin qırılması Amazon bölgəsində geri dönüşü olmayan təhlükə yaradır. Bu təsirlər planetin ən böyük tropik meşəsini savannaya çevirə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Nature Climate Change” elmi jurnalında dərc olunan araşdırma yazısında məlumat verilib.
Məqalədə bildirilib ki, bu həyəcanverici nəticəyə gəlmək üçün tədqiqatçılar Amazondakı tropik meşələrin yanğına və ya quraqlığa davamlılığını qiymətləndirmək məqsədilə 25 illik peyk məlumatlarını təhlil ediblər.
Tədqiqatçılar 1991-ci ildən 2016-cı ilə qədər olan məlumatlara əsaslanaraq bu qənaətə gəliblər ki, planetin iqliminin tənzimlənməsində mühüm rol oynayan Amazon meşə kütləsinin demək olar ki, dörddəüçü ekosistem dəyişiklikləri nəticəsində bərpa olunmaq qabiliyyətini itirib.
Tədqiqat dövründə qismən meşələrin qırılması səbəbindən bitki örtüyü itkisi baş versə də, tədqiqatçını ən çox meşənin bərpası qabiliyyətinin azalması narahat edir.
Amazon geri dönüşü olmayan nöqtəyə çatdıqda, tədqiqatın müəllifləri savannaya çevrilmənin bir neçə onilliklər çəkə biləcəyini hesab edirlər.
Tədqiqata görə, ancaq qlobal istiləşmə Amazon tropik meşələrinin dönməz şəkildə savannaya çevrilməsinə səbəb ola bilər. Amma bu, təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. İnsanlar meşələri qırırlar və ya yandırırlar ki, bu da dünyanın ən böyük tropik meşəsinin məhv edilməsinin ikinci səbəbidir.
Son araşdırmaya görə, Braziliyanın Amazon meşələri artıq karbon yuvasından xalis karbon mənbəyinə keçib.
Beləliklə, alimlər xəbərdarlıq edirlər ki, Amazon hövzəsinin savannaya çevrilməsi həm regional, həm də qlobal miqyasda böyük nəticələrə səbəb olacaq.