Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, 45 dəqiqə davam edən telefon danışığı zamanı Rusiya-Ukrayna böhranı, bölgədə baş verən hadisələr və iki ölkə arasındakı əlaqələr müzakirə olunub.
Rusiya ilə Ukrayna arasında siyasi həllə nail olmaq üçün səylərini davam etdirdiklərini bildirən Türkiyə Prezidenti böhranın dərinləşəcəyi təqdirdə Türkiyənin hər iki tərəflə danışa bilməsinin və həll axtarışında vasitəçi olmasının vacibliyini qeyd edib.
Türkiyə tərəfindən açılan etimad kanalı sayəsində Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərinin bir-biri ilə birbaşa danışması imkanının əhəmiyyətinə işarə edən Prezident Ərdoğan, hətta görüşün təşkilinin belə, diplomatiyanın qələbəsi olduğunu vurğulayıb.
Türkiyənin ABŞ-dan 40 yeni təyyarə alması və mövcud F-16-ların modernləşdirilməsini əhatə edən tələbinin ən qısa zamanda yekunlaşmasını gözlədiyini vurğulayan Prezident Ərdoğan müdafiə sənayesi sahəsi üzrə Türkiyəyə qarşı tətbiq olunan bütün ədalətsiz sanksiyaların ləğv edilməsinin vaxtının çoxdan çatdığını bildirib.