“Rusiya və Ukraynadan buğda tədarükünün dayandırılması halında dünyanın bir sıra regionları ərzaq qıtlığı və aclıqla üzləşəcək”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Guardian” nəşrində dərc edilən məqalədə deyilir.
Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır. BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyanın digər hissələrinə də təsir edəcək. “Taxıl və neftin qiymətləri bahalaşmaqda davam edir və hətta 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir”, - mütəxəssis izah edib.