NATO-nun Ukrayna münaqişəsinə cəlb olunması üçüncü dünya müharibəsinin başlamasına gətirib çıxara bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bu barədə “El Pais” qəzetinə müsahibəsində deyib.
“Münaqişənin gərginləşməməsi üçün əlimizdən gələni edirik. Rusiya nüvə dövlətidir. NATO-Rusiya münaqişəsi üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər”, - deyə o bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski ilə daim əlaqə saxladığını diqqətə çatdıran Şarl Mişel Avropa İttifaqının genişlənməsinin incə məsələ olduğunu və bununla bağlı ittifaqa üzv bütün dövlətlərin eyni fikirdə olmadığını vurğulayıb.
Xatırladaq ki, fevralın sonunda Prezident Volodimir Zelenski Ukraynanın dərhal Avropa İttifaqına qəbul olunması haqqında quruma müraciət etmişdi. Martın 1-də Ukrayna liderinin ofisinin rəhbəri Andriy Yermak ölkəsinin sürətləndirilmiş prosedur əsasında Avropa İttifaqına daxil edilməsi barədə ərizəsinin qəbul edildiyini, qeydə alındığını və müraciətə baxıldığını bildirmişdi.