Türkiyə Prezidenti: Rusiya-Ukrayna böhranında daimi atəşkəsin əldə olunması istiqamətində səylərimizi davam etdirəcəyik
Görüşdə əsasən Rusiya-Ukrayna böhranı ilə bağlı müzakirələr apardıq. Problemin həlli üçün diplomatik səylərin gücləndirilməsinin önəmi qeyd olundu. Daimi atəşkəsin təmin olunması istiqamətində səylərimizi yorulmadan davam etdirəcəyik. Mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. Burada ən mühüm məsələ atəşin dayandırılmasıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
Türkiyənin regional məsələlərdə Almaniya ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan Prezident Ərdoğan Almaniyanın Avropa İttifaqının aparıcı ölkələrindən biri olduğunu qeyd edib. Almaniyadakı üç milyonluq türk icmasını iki ölkəni bir-biri ilə yaxınlaşdıran amillərdən olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bu dövlət ilə ticarət dövriyyəsinin 50 milyard ABŞ dollarına çatdırılmasını qarşıya məqsəd qoyduqlarını deyib.
Avropa İttifaqı ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın vacibliyini vurğulayan Kansler Olaf Şolts ikitərəfli yüksək səviyyəli dialoq formatlarını aktivləşdirəcəklərini bildirib. “Biz Türkiyə ilə əlaqələrimizdə böyük potensialdan daha yaxşı istifadə etmək istəyirik. Mənim hökumətim bunun məsuliyyətini öz üzərinə götürüb”, - deyə Almaniya Kansleri deyib.