Bu gün Polşa, Çexiya və Sloveniyanın hökumət başçıları Ukraynanın prezidenti və baş naziri ilə görüşmək üçün Kiyevə gedəcəklər.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Polşa Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda deyilir.
“Nazirlər Kabinetinin başçısı Mateuş Moravetski, həmçinin Baş nazirin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski, Çexiyanın Baş naziri Petr Fiala və Sloveniyanın Baş naziri Yanez Yanşa Avropa İttifaqı Şurasının nümayəndələri qismində Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşmək üçün bu gün Kiyevə səfər edəcəklər. Səfərin məqsədi Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyinə dəstəyini təsdiqləmək, həmçinin geniş yardım paketini təqdim etməkdir”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, səfər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin razılığı əsasında təşkil edilib.