Kiyev və Moskva arasında danışıqlarda tərəflərin mövqeləri artıq daha real səslənir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” sosial şəbəkəsində bildirib.
“Görüşlər davam edir. Artıq danışıqlarda daha real mövqelər səslənir. Lakin qərarların məhz Ukraynanın maraqları çərçivəsində verilməsi üçün hələ zamana ehtiyacımız var”, - deyə Ukrayna lideri vurğulayıb.
Bir müddət öncə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya Rusiya tərəfi ilə görüşlərin bərpa olunduğunu, Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak danışıqların bu gün də davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, artıq Belarusda Ukrayna və Rusiya arasında danışıqların üç raundu keçirilib. İkinci görüşdə tərəflər dinc sakinlərin təxliyəsi, həmçinin ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təşkili barədə razılığa gəliblər. Daha sonra nümayəndə heyətləri arasında danışıqlar video formatda davam edib və xüsusi işçi qruplar yaradılıb.