“Rəssamların kralı və krallar rəssamı” adlandırılan flamand rəssam Piter Paul Rubensin “Xanımın portreti” Varşavada keçirilən hərracda 3,4 milyon dollara satılaraq Polşa incəsənət bazarında indiyədək alınmış ən bahalı sənət əsəri olub.
NUHÇIXAN İnformasiya Agentliyi “Associated Press”ə istinadla bildirir ki, əsər martın 18-də köhnə ustalar hərracında satışa çıxarılıb.
Bu, Rubensin Polşa bazarında satışa çıxarılan ilk rəsm əsəridir.
Kətan üzərində zəngin qara məxmər paltarda tünd saçlı qadının təsvir edildiyi portret dəyəri hərracdan əvvəl 4,5-6 milyon dollar arasında qiymətləndirilirdi.
Mütəxəssislər hesab edirlər ki, əsər təxminən 1620-1625-ci illərdə Rubensin Antverpendəki emalatxanasında çəkilib.
Qeyd edək ki, əvvəllər rəsmin XVII əsr ingilis rəssamı Ser Piter Leliyə məxsus olduğu iddia edilirdi.
Əsər sonuncu dəfə 1965-ci ildə sərgilənib.