Kiyev və Moskva arasında danışıqlar bir-birinə zidd hüquqi məsələlər səbəbindən bir neçə həftə və hətta daha artıq davam edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixaylo Podolyak Bloomberg TV telekanalının efirində səsləndirib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin əsas tələbləri atəşkəs rejimi, qoşunların ölkə ərazisindən çıxarılması və mübahisəli ərazilərlə bağlı siyasi nizamlamadır.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında danışıqların birinci raundu fevralın 28-də Belarusun Qomel vilayətində keçirilib. Bundan sonra tərəflər martın 3-də və 7-də yenə Belarusda görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Ukrayna və Rusiyanın xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrov arasında məsləhətləşmələr baş tutub. Hazırda danışıqlar videokonfrans vasitəsilə davam etdirilir.