“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının artımı ilə bağlı proqnozunu 5,3%-dən 1,3%-ə endirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə agentliyin saytında bildirilir.
Qeyd olunub ki, Rusiyada dərin tənəzzül və rus rublunun güclü ucuzlaşması Ermənistan ixracına zərbə vuracaq:
“Ukraynadakı münaqişə ilə bağlı məhdudiyyətlər və Rusiyaya qarşı sanksiyalar bizi 2022-ci il üçün artım proqnozumuzu kəskin şəkildə nəzərdən keçirməyə məcbur edib. Çünki xüsusilə Rusiyaya ixracat artımı dayanıb və pul köçürmələri azalır”, - “Fitch Ratings” məlumatında deyilir.
Eyni zamanda, 2021-ci ilə kimi Ermənistana mal ixracının 28%-nin, idxalın 37%-nin və turist səfərlərinin, birbaşa xarici investisiyaların və pul köçürmələrinin 40%-nin Rusiyanın payına düşdüyü qeyd edilir.
“Fitch” 2022-ci ildə Ermənistanda inflyasiyanın orta hesabla 8,5% olacağını proqnozlaşdırır ki, bu da ölkənin Mərkəzi Bankının məqbul diapazonundan yuxarıdır.