Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısı çərçivəsində ABŞ Prezidenti Co Bayden ilə görüşəcək.
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın məlumat verib.
Prezident Rəcəb Tayyib Ərdoğan martın 23-24-də Belçikada səfərdə olacaq. Brüsseldə keçiriləcək növbədənkənar Zirvə görüşündə Alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi, Rusiya-Ukrayna böhranı və digər məsələlər müzakirə olunacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan və nümayəndə heyətinin üzvləri Zirvə toplantısı çərçivəsində keçiriləcək görüşlərdə Rusiya-Ukrayna böhranı ilə əlaqədar Türkiyənin mövqeyi, ölkəsinin atəşkəsin əldə olunması üçün diplomatik səyləri və barışıq təklifləri ilə bağlı ətraflı məlumat verəcək.
Qeyd edək ki, Zirvə görüşündə ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, Böyük Britaniyanın Baş naziri Boris Conson, digər ölkələrin dövlət və hökumət başçıları iştirak edəcəklər.