Çində qəzaya uğrayan təyyarədəki insanların meyitlərinin hissələri tapılıb

A- A A+

“Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin martın 21-də qəzaya uğramış “Boeing 737-800” təyyarəsinin parçaları və sərnişin meyitlərinin hissələri tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya İdarəsi açıqlama verib. Axtarış işlərinin gedişinə dair keçirilmiş mətbuat konfransında qəzanın baş verdiyi Quansi Cuan Muxtar Rayonunun yanğınla mübarizə və axtarış departamentinin rəhbəri Cen Si bildirib ki, qəza yerində 46 min kvadratmetr sahədə axtarış işləri aparılıb. Tapılan hissələr istintaq qrupuna təhvil verilib.

Çin Mülki Aviasiya İdarəsinin uçuşların təhlükəsizliyi departamentinin rəhbəri Cu Tao təyyarənin martın 23-də tapılan qara qutusunun pilot kabinəsindəki danışıqların qeydə alındığı cihaz olduğunu deyib. O, ilkin qiymətləndirməyə əsasən, qara qutunun xaricdən xeyli zərbəyə məruz qaldığını, buna baxmayaraq cihazın işlək vəziyyətdə olduğunu bildirib. Cu Tao əlavə edib ki, qutudakı səs yazılarının oxunması üçün vaxt tələb olunur. Əgər danışıqların yazıldığı saxlama blokları zədələnibsə, bu, daha çox vaxt ala bilər. Səs yazıları oxunduqdan sonra qəzanın səbəbi barədə fikir yürütmək mümkün olacaq.

Cu Tao bildirib ki, qəzaya uğramış təyyarədə ABŞ-ın “Honeywell” şirkətinin istehsalı olan 2 qara qutu olub. Onlardan biri uçuş məlumatlarını, o cümlədən təyyarənin hündürlüyünü, sürətini, uçuş istiqamətini, digəri isə pilot kabinəsindəki danışıqları qeydə alıb. Axtarış qrupu digər qara qutunun tapılması üçün çalışır.

Qeyd edək ki, göyərtəsində 123 sərnişin və 9 heyət üzvü olan təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayıb. Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, MU5735 uçuşunu yerinə yetirən təyyarə yerli vaxtla 13:11-də havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildən çoxdur istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılıb və alışıb. Təyyarənin düşdüyü ərazi dağlıq və sıx meşəlik olduğundan axtarış işləri çox çətinliklə aparılır. Ümumiyyətlə, 680 min kvadratmetr sahəni əhatə edən axtarış işlərinə 2 min nəfər şəxsi heyət, 100-dən çox texnika, polis və hərbçilər, xüsusi təlim görmüş itlər cəlb olunub. Bundan başqa, axtarış işlərində dronlardan da geniş istifadə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: