“Avropa İttifaqı Rusiyadan Ukrayna ərazisinə hərbi təcavüzünü dərhal dayandırmağı, bütün qüvvə və hərbi texnikanı Ukraynanın bütün ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmağı, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət etməyi tələb edir".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa İittifaqının (Aİ) sammitinin yekun bəyanatında deyilir.
Aİ liderləri bəyan ediblər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi beynəlxalq hüququ kobud şəkildə pozur və mülki əhali arasında kütləvi itkilərə, xəsarətlərə səbəb olur: "Rusiya mülki insanları hədəfə alır və mülki hədəflərə, o cümlədən xəstəxanalar, tibb müəssisələri, məktəblər, sığınacaqlara zərbələr endirir. Bu hərbi cinayətlərə dərhal son qoyulmalıdır”.
“Cinayəti törədənlər və onların əlbirləri beynəlxalq hüquq normalarına uyğun cavab verəcəklər. Mariupol və digər şəhərlərin mühasirəsi, Ukrayna, eləcə də Rusiya hərbi qüvvələrinin humanitar yardıma çıxışının rədd edilməsi qəbuledilməzdir. Rusiya hərbi qüvvələri dərhal Ukraynanın digər bölgələrinə təhlükəsiz marşrutları, habelə Mariupol və digər mühasirədə olan şəhərlərə humanitar yardımın çatdırılmasını təmin etməlidir”, - Aİ bildirib.
Bununla bağlı Avropa İttifaqı Rusiyanı bütün digər müharibə zonalarında qalmış mülki şəxslərin seçdikləri ünvana təhlükəsiz keçməsinə təcili təminat verməyə, bütün girovları dərhal azad etməyə, humanitar yardımların fasiləsiz çıxışını təmin etməyə və humanitar dəhlizlər yaratmağa çağırıb. Təşkilat həmçinin Rusiyanı beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarına əməl etməyə çağırır.