NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, alimlər Mars planetinin səthində olan Perseverance aparatı tərəfindən yazılmış səsləri analiz edərək planetdəki səsin yayılma sürətini təyin ediblər. Məlum olub ki, Marsda səsin yayılma sürəti Yer kürəsində səsin yayılma sürəti ilə müqayisədə daha aşağıdır. Bununla belə alimlər maraqlı bir faktı təyin ediblər. Belə ki, müxtəlif səs tezlikləri Marsda fərqli sürətlə hərəkət edirlər. Nəticə etibarilə gələcək astronavtlar Mars səthində ünsiyyət baxımından çətinliklər ilə qarşılaşacaqlar. NASA-nın Perseverance aparatı keçən ilin fevral ayında Marsın Jezero adlı kraterinə eniş etmişdi.
Həmin vaxtdan sözügedən aparat planetin müşahidəsi ilə məşğuldur. Aparatın sahib olduğu alətlər arasında 2 ədəd mikrofon da mövcuddur. Buna görə də istənilən şəxs NASA-nın saytında Marsda yayılan səslərə qulaq asa bilər. Alimlər isə öz növblərində aparat tərəfindən yığılmış audio məlumatları analiz edərək Marsda səs sürətini təyin edə biliblər. Aparatın sahib olduğu xüsusi lazer tərəfindən Mars süxuruna açılmış atəş səslərini analiz edərək alimlər lazerin süxurlara dəyməsi nəticəsində çıxan səsin aparat mikrofonuna kimi çatma sürətini öyrəniblər.
Nəticədə məlum olub ki, Marsda səs saniyədə 240 metr sürətlə yayılır. Yer kürəsində isə səs hava daxilində saniyədə 335 metr sürətlə yayılır. Bundan əlavə olaraq alimlər təyin ediblər ki, Marsda müxtəlif səs tezlikləri fərqli sürətlə hərəkət edirlər. Belə ki, 400 Hz-dən yuxarı göstəricidə sürət təqribi olaraq saniyədə 10 metr daha yüksək olur. Bu isə o deməkdir ki, Marsda danışmaq heç də asan məsələ olmayacaq. Belə ki, ayrı-ayrı nitq səsləri qulaq asan şəxsin qulaqlarına fərqli vaxtlarda gəlib çatacaq.