Martın 21-də qəzaya uğramış “Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin “Boeing 737-800” sərnişin təyyarəsinin göyərtəsində olan 123 sərnişin və 9 heyət üzvünün hamısı ölmüş elan edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini Hu Cencian martın 26-da keçirdiyi mətbuat konfransında məlumat verib. O, indiyədək aparılmış axtarış işləri nəticəsində təyyarədə olanlardan heç kimin sağ qalmasına dair iz tapılmadığını bildirib. “Biz müşahidə kameralarının video görüntülərini, hava hərəkətini idarəetmə məlumatlarını və qəza yerində dağıntıların strukturunu təhlil etdik. Biz əmin ola bilərik ki, qəzadan heç kim sağ çıxmayıb”, - deyə Hu Cencian bildirib.
Mətbuat konfransında ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini bildirib ki, qəza yerində axtarış işləri davam etdiriləcək.
Qeyd edək ki, Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayan təyyarə Quansi Cuan muxtar bölgəsinin Tensiən rayonunda böyük sürətlə dağa çırpılıb və alışıb. Dağlıq və sıx meşəlik ərazidə yağışlı havanın yaratdığı torpaq sürüşmələrinin və palçıq axınının səbəb olduğu çətin şəraitdə aparılmış axtarış işlərinin nəticəsində sərnişin və heyət üzvlərindən heç kim sağ tapılmayıb. Bu müddətdə yalnız təyyarənin müəyyən hissələrinin irili-xırdalı qalıqları, “Qara qutu”lardan biri, insan cəsədlərinin qalıqları tapılıb. Təyyarədəki 114 sərnişinin və 6 heyət üzvünün şəxsiyyəti müəyyən edilib.
Axtarış işlərinə polis, hərbçilər də daxil olmaqla 7 min nəfər şəxsi heyət, 100-dən çox texnika, xüsusi təlim görmüş itlər cəlb olunub. Axtarış işlərində dronlardan da geniş istifadə edilir. Qəzanın səbəblərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edən “Qara qutu”dakı səs yazılarının oxunması təxminən 10-15 gün vaxt tələb edir. Səlahiyyətli qurumlar təyyarənin partladılması ilə bağlı iddiaları qəti rədd edərək, qəza yerində partlayıcı maddələrin komponentlərinin aşkar olunmadığını bildiriblər. Bundan başqa, qəza yerindən tapılmış qalıqların fiziki və kimyəvi analizlərinin nəticələri də partlayıcı maddə komponentlərinin aşkarlanmadığını göstərir.