Polşa və ABŞ prezidentləri Andrjey Duda və Co Bayden martın 26-da Varşavada Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Co Bayden Polşaya Ukrayna qaçqınlarının qəbuluna görə təşəkkür edib. Görüşdə Ukraynadakı münaqişənin yaratdığı humanitar böhrana Qərb ölkələrinin reaksiyası da müzakirə edilib.
C. Bayden görüşdən sonra bildirib ki, Polşanın qaçqınlarla bağlı öz üzərinə böyük məsuliyyət götürməsi təqdirəlayiq haldır və bu cür yanaşma təkcə Polşa tərəfindən nümayiş edilməməlidir. Qaçqınlarla bağlı vəziyyət bütün dünyanın və bütün NATO-nun məsuliyyətində olmalıdır.
C. Bayden Varşavada qaçqınların vəziyyətinə dair çıxışında ABŞ-ın Ukraynadan olan qaçqınlara dəstəyini də ifadə edib. Səfər çərçivəsində ABŞ dövlət rəhbəri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və xarici işlər nazir Dmitri Kuleba ilə də görüşüb. Görüşdə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Oustin də iştirak ediblər.
Qeyd edilməlidir ki, Polşa C. Baydenin Avropaya səfəri çərçivəsində səfər etdiyi ikinci ölkədir. Martın 24-də ABŞ Prezidenti Brüsseldə NATO-nun fövqəladə sammitində, G7 liderlərinin sammitində və Avropa Şurasının sammitində iştirak edib, oradan isə Polşaya ikigünlük səfərə yollanıb.