Martın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana rəsmi səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Məlumatda bu səfərlə iki ölkə arasındakı strateji əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatmasının gözlənildiyi qeyd olunub.
Qeyd edilib ki, Özbəkistanın ən çox xarici ticarət apardığı ilk beş ölkə arasında yer alan Türkiyə ilə diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümü olan 2022-ci ildə iki ölkə arasındakı ticarət həcminin 5 milyard ABŞ dollarına çatacağı gözlənilir. Türkiyə keçən il Rusiya və Çindən sonra Özbəkistanda ən çox şirkət quran üçüncü ölkə olub. Belə ki, 2022-ci ilin yanvar ayına olan məlumata görə, Özbəkistanda fəaliyyət göstərən türk kapitallı şirkətlərin sayı 2123-ə çatıb ki, onların da 407-si 2021-ci ildə qurulub.