Bu gün NATO-nun yaradılmasından 73 il ötür. 1949-cu il aprelin 4-dən - təsis edildiyi gündən Alyans Avropa və Şimali Amerikada müttəfiq ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin edir.
NUHÇIXAN İnformasiya Agentliyi Alyansın saytına istinadla xəbər verir ki, hazırda NATO-nun 30 üzv ölkəsinin əhalisinin ümumi sayı bir milyard nəfərdir.
Alyansın 73-cü ildönümü münasibətilə müttəfiq ölkələrin paytaxtlarında binalar mavi rəngdə işıqlandırılıb və mühüm abidələrdə NATO bayrağı dalğalandırılıb.
NATO-nun Baş katibi Yens Stoltenberq 2021-ci ilin təhlükəsizlik üzrə məruzəsində Alyans ölkələrinin yeni təhlükəsizlik çağırışları qarşısında birləşdiyini bildirib.
“Son on ildə təhlükəsizlik mühitimiz kəskin şəkildə dəyişsə də, əsas dəyərlərimiz dəyişməyib. Avropa ilə Şimali Amerika arasındakı bağlılıq həmişəkindən daha güclüdür. Biz NATO-da birlikdə bir milyard insanın təhlükəsiz və azad mühitdə saxlamağa davam edəcəyik”, - deyə Baş katib vurğulayıb.