“Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpendən mətbuatda əksini tapan qətliam görüntüləri insanlıq adına dəhşətli və kədərli haldır. Biz Ukrayna xalqının dərdinə şəriyik”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin Ukraynadakı qətliamlarla bağlı bəyanatında öz əksini tapıb.
“Günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbul edilə bilməz. Mövzunun müstəqil araşdırılması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir.
Türkiyə insanlıq adına bu cür utancverici səhnələrə son qoymaq və sülhün ən qısa zamanda təmin edilməsi üçün fəaliyyətini davam etdirəcək”, - XİN-dən vurğulanıb.
Qeyd edək ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.
Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.