Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski ölüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
O, 75 yaşında dünyasını dəyişib.
V.Jirinovski bir müddət əvvəl koronavirusa yoluxmuşdu və xəstəxanada müalicə olunurdu.
Qeyd edək ki, Vladimir Volfoviç Edelşteyn 1946-cı il aprelin 4-də Qazaxıstanın Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə - yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə - rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb.
O, orta təhsili Astana şəhərində alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı",1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.
1990-cı ildə LDPSS-nin (Sovet İttifaqının Liberal Demokrat Partiyası) üzvü olub. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub.
2000-ci il yanvarın 18-də Rusiya Dövlət Dumasının sədr müavini seçilib. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilib. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 8 çağırışından 8-ində (1993, 1995, 1999, 2003, 2007, 2011,2015,2019) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini seçilib. O, bir neçə dəfə Rusiya prezidentliyinə namizəd olub.