“Rusiyalı hərbçilərin Kiyev və Çerniqov vilayətlərindən çıxmasının səbəbi heç də onların təqdim etdikləri kimi deyil”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.
“Rusiya tərəfi deyir ki, bu, danışıqların növbəti raundu ərəfəsində jestdir. Əslində bu, ordumuzun, hakimiyyət orqanlarının və bütün Ukrayna xalqının iradəsinin nəticəsidir” , - o, bildirib.
Vereşuk, həmçinin əhaliyə vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib:
“Ona görə Xarkov, Luqansk və Donetsk vilayətlərinin əhalisindən şəhərlərdən çıxmalarını xahiş edirik. Bizim indi buna ehtiyacımız var. Fürsət varkən evakuasiya lazımdır”, - baş nazirin müavini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov rus ordusunun Ukraynanın şimalından çıxmasına münasibət bildirmişdi. O, bunun jest olduğunu söyləmişdi.