“Rusiya Ukraynanın bütün ərazisini tam ələ keçirmək niyyətindən əl çəkməyib”.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Rusiyanın əsas məqsədi Ukraynanı bütövlükdə ələ keçirmək idi. Kreml bunu tez həyata keçirmək istəyirdi. Lakin Moskva qısamüddətli qələbəyə nail ola bilmədi. Buna baxmayaraq, niyyətindən əl çəkməyib", - o bildirib.
A.Malyar vurğulayıb ki, Rusiyanın planları dəyişib: “Onların kəşfiyyatı güclənib. İndi Rusiyanın qısamüddətli hədəfi Donetsk və Luqansk vilayətlərinin coğrafi sərhədləri ilə bağlıdır. Mariupol uğrunda ağır döyüşlər gedir... Bu gün Ukraynanın bütün şərqi təhlükədədir. Çünki növbəti məqsəd budur. İndi Rusiyanın hərbi qüvvələri şərqdə cəmləşib. Təbii ki, yeni hücum əməliyyatlarına hazırlıq gedir”.
Nazir müavini həmçinin bildirib ki, Rusiya öz əməllərinə başqa ölkələri də cəlb edir: “Ona görə də Belarus ərazisindən istifadə olunur. Bu gün Belarus qoşunları döyüş hazırlığı vəziyyətindədir. Onların işğal edə biləcəyinə dair də risklər var. Bundan başqa, Dnestryanında da döyüşlərə hazırlıq əlamətləri görünür. Belarus Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərində istifadə olunur. Əlimizdə olan məlumatlara görə, Belarus ordusunun əhvali-ruhiyyəsi də rus hərbçilərinin ovqatı kimi aşağıdır".
A.Malyar deyib ki, Qara dənizdə raketdaşıyan gəmilərin hərəkəti müşahidə olunur. “Oradan raket atılması təhlükəsi hələ də qalır”.