Avstraliya Ukraynaya əlavə 26,5 milyon Avstraliya dolları (təqribən 19,8 milyon ABŞ dolları) hərbi yardım göndərəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrisonun aprelin 8-də yayılan bəyanatında bildirilir. Qeyd edilir ki, söhbət tank əleyhinə silahlardan və digər hərbi sursatdan gedir.
“Bu vəsait, bu gün Ukraynaya hədiyyə olaraq elan etdiyimiz 20 ədəd “Bushmaster” zirehli nəqliyyat vasitəsinə əlavə olaraq göndəriləcək”, -deyə bəyanatın mətnində deyilir. Bununla yanaşı, qeyd edilir ki, hökumət Ukrayna tərəfinin xahişini nəzərə alaraq həmin yardım paketinin konkret detalları və çatdırılma mexanizmi barədə məlumat verməyəcək.
Beləliklə, Avstraliyanın Baş nazirinin sözlərinə görə, Ukraynaya göstərilən ümumi yardımın həcmi hazırda 191,5 milyon Avstraliya dolları (təqribən 143 milyon ABŞ dolları) təşkil edir.
Avstraliyanın Ukraynanı dəstəkləməkdə davam edəcəyini vurğulayan S.Morrison bir daha Rusiyanı xüsusi hərbi əməliyyatı dayandırmağa çağırıb.