Yeni tədqiqatın nəticəsinə görə, Yer peykinin tərəfləri arasında fərq qədim nəhəng zərbə ilə bağlıdır.
Ayın görünən üzü onun Yer ətrafında dövr etməyən hissəsindən çox fərqlənir. Yer peykinin bizə görünən tərəfində Ay dənizləri – qədim lava axınlarının qalıqları olan tünd ləkələr üstünlük təşkil edir. Peykin əks tərəfində isə çoxsaylı krater (vulkan ağzı) mövcuddur və praktik olaraq Ay dənizləri yoxdur. Alimlər uzun illərdir ki, Ayın iki tərəfinin niyə fərqli olduğunu izah etməyə cəhd göstərirlər. İndi onların yeni fərziyyəsinə görə bu, Ayın cənub qütbündə milyard illər bundan əvvəl baş verən nəhəng zərbə ilə bağlıdır.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Bizim Yerdən gördüyümüz Ay dənizləri vulkanik fəallıq səbəbindən yaranan lava axınının nəticəsidir. Bəs Ayın görünməyən üzündə belə tünd ləkələr niyə yoxdur? Bu suala Braun Universitetindən olan alimlər cavab vermək qərarına gəlib.
Alimlər kompüter modelləşdirilməsinin köməyi ilə Ayın səthində uzaq keçmişdə, hər hansı vulkanik fəallığa qədər nələrin baş verdiyini öyrənməyi qarşılarına məqsəd qoyublar. Tədqiqatçılar Ayın səthində güclü zərbə canlandırıblar. Bu zərbə milyard illər bundan əvvəl Ayı dəyişib və peykin o biri üzünün cənub hissəsində nəhəng krater əmələ gəlib.
Nəticədə alimlər araşdırıblar ki, böyük kosmik obyektlə toqquşma çox iri istilik şleyfi yaratmalı idi. Bu şleyf Ayın görünən hissəsinə nadir torpaq elementlərini və istilik ayıran elementləri ötürüb. Elementlərin bu qatılığı vulkanizmin və lava axınının əmələ gəlməsinə şərait yarada bilərdi. Lakin Ayın görünməyən tərəfində bu proseslər baş verməyib.
Yeni fərziyyə Ayın görünən və görünməyən tərəfi arasında digər fərqlə uzlaşdırılır. Məlumdur ki, Ayın bizə tərəf olan üzünün əksər hissəsində kalium, fosfor kimi kimyəvi elementlər, eləcə də torium və digər istilik yaradan nadir torpaq elementləri mövcuddur. Lakin bunlar Ayın o biri üzündə yoxdur. Alimlər bu elementləri Ayda vulkan fəallığının kompüter modelləşdirilməsi zamanı aşkarlayıblar.
Alimlərin sözlərinə görə, yeni tədqiqatın nəticələri Yer peykinin ən əsas anlaşılmazlıqlarından birinə cavab verir. Lakin hələlik bu, yalnız fərziyyədir və onu yoxlamaq üçün əlavə tədqiqatlar zəruridir.