Alimlər Yer kürəsində qeydə alınan ən hündür dəniz dalğasından söhbət açıblar.
1958-ci ilin iyulunda Alyaskanın cənub-şərqi sahillərində maqnitudası 8,3 bal olan güclü zəlzələ baş verib. Bu zəlzələnin əmələ gətirdiyi iri sürüşmə sahilə çıxan nəhəng sunami dalğasının yaranmasına səbəb olub. Bu, planetdə qeydə alınan dəniz dalğaları arasında ən böyüyüdür.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Sürüşmə Alyaskanın cənub-şərqində Lituyya körfəzində suya daxil olub. Alimlərin hesablamalarına görə, süxurun suya düşməsi nəticəsində əmələ gələn dalğanın hündürlüyü 524 metr təşkil edib. Bu, Nyu-Yorkdakı məşhur “Empire State Building” göydələnindən (443 metr) hündürdür.
“Bu dalğa tarixdə qeydə alınan ən böyük dalğadır. Fikrimcə, daha əvvəllər bundan da hündür dalğalar olub, lakin onlar lap çoxdan əmələ gəlib və yalnız geoloji çöküntülər üzrə onlar barədə mühakimə yeritmək olar”, - deyə Corciya ştatının Texnologiya Universitetindən olan alim German Frits danışır.
Alimin sözlərinə görə, Lituyya körfəzində sürüşmə zamanı suya təxminən 30 milyon kubmetr süxur düşüb ki, bu da nəhəng dalğanın əmələ gəlməsinə şərait yaradıb. Dalğanın hündürlüyünə körfəzin forması da öz təsirini göstərib.
“Sürüşmənin yaratdığı adi sunami zamanı dalğalar yelpikvari hərəkət edir. Lakin Lituyya körfəzinin ensiz forması və dik yamaclar dalğanın bir istiqamətə üz tutmasına şərait yaradıb. Su başqa yerə hərəkət edə bilməyərək yuxarı qalxmağa məcbur olub. Bu səbəbdən dalğaların hündürlüyü belə böyük olub”, - deyə Frits vurğulayıb.
Alimlərin sözlərinə görə, dalğanın bu növünü KİV-də meqasunami adlandırmağa başlayıblar.