Hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynanı tərk edən insanların sayı 4,5 milyon nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) yayıb. Bildirilib ki, ölkə sərhədlərini son 24 saat ərzində daha 42 min insan tərk edib və qaçqınların sayı 4 milyon 503 min 954 nəfərə çatıb.
Beynəlxalq Miqrasiya Təşkilatının ehtimalına görə isə, qaçqınların ümumi sayı 7,1 (ölkədaxili qaçqınlar da əlavə edilməklə) milyon nəfərdir və bu vəziyyət İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük qaçqın axınıdır. Ölkəni tərk edənlərin 90 faizini qadın, uşaq və qocalar təşkil edir. Belə ki, 4,5 milyon qaçqının təxminən 60 faizi Polşaya pənah aparıb. Lakin onların bir qismi Polşaya keçdikdən sonra Avropanın digər ölkələrinə üz tuturlar. İndiyədək Polşada 700 min ukraynalıya milli identifikasiya nömrəsi (PESEL) verilib.
BMT-nin məlumatlarına görə, aprelin 9-dək əksəriyyəti Moldovadan keçməklə 686 min 232 nəfər Rumıniyaya daxil olub. Macarıstan indiyədək 419 min, Slovakiya isə 314 min 500 qaçqın qəbul edib. Digər 404 min 500 nəfər isə Rusiya ərazisinə sığınmalı olub.