“Christie's” satış evi dünyanın ən böyük cilalanmış brilyantlarından biri olan “Qırmızı Xaç"ı Cenevrə şəhərində keçiriləcək hərraca çıxaracaq.
NUHÇIXAN İnformasiya Agentliyi Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, satış evinin məlumatına görə, almazın ilkin qiyməti 7-10 milyon İsveçrə frankı (7,5-10,7 milyon ABŞ dolları) arasında dəyişir.
“Qırmızı Xaç” aprelin 29-dan mayın 1-dək Nyu-York şəhərindəki “Christie's” qalereyasında nümayiş etdiriləcək, mayın 11-də isə hərraca çıxarılacaq. Satış evinin idarə heyətinin sədri Fransua Kuriel əldə olunan gəlirin bir hissəsinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə veriləcəyini bildirib.
Çəkisi 205,07 karat olan “Qırmızı Xaç” brilyantı 1901-ci ildə “De Beers” kompaniyasının Cənubi Afrikadakı mədənlərindən birində aşkarlanıb. Almaz cilalandıqdan sonra yuxarı ona üzdən baxdıqda səkkizguşəli Malta xaçı aydın şəkildə görünür. Brilyantın adı da buradan götürülüb.
“Christie's” bundan öncə həmin brilyantı artıq iki dəfə hərraca çıxarıb. O, ilk dəfə I Dünya müharibəsi zamanı Britaniya Qırmızı Xaç Komitəsi və Müqəddəs İoann ordeni adından 10 min funta (hazırkı məzənnə ilə təxminən 780 min dollar) satılıb. Hərracdan əldə edilən bütün vəsait dərmanlara və xəstəxanalara xərclənib. İkinci dəfə hərraca çıxarılan qiymətli daş 1973-cü ildə 1,8 milyon İsveçrə frankına (təxminən 4,7 milyon dollar) alıcı tapıb. Qiymətli daşın sahibinin adı açıqlanmır.