Əcnəbilərin Türkiyədə vətəndaşlıq alması üçün nəzərdə tutulan qanuna dəyişiklik edilməsi gözlənilir. Bununla bağlı müraciət edənlərin Türkiyədə sahib olduqları daşınmaz əmlakın dəyəri artırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyənin Nazirlər Kabinetinin aprelin 12-də keçirilən iclasında buna dair qərar qəbul edilib. Qərara əsasən əcnəbilərin Türkiyədə daşınmaz əmlak üzərindən vətəndaşlıq ala bilmələri üçün bu əmlakın maddi dəyərinin 250 min ABŞ dollarından 400 min dollara qədər artırılması gözlənilir.
Əsasnamə Rəsmi Qəzetdə dərc edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla əcnəbilərin Türkiyədə vətəndaşlıq ala bilmələri üçün bu əmlakın maddi dəyəri bir milyon dollardan 250 min dollara endirilib.