Ermənistanın Atom Elektrik Stansiyasının (AES) ikinci enerji bloku illik profilaktik təmir (PPR) üçün dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, stansiyanın yeganə işləyən enerji blokunda təmir işləri 73 gün davam edəcək.
Cari ildə nüvənin qismən yüklənməsi ilə reaktorun təmiri, 4 və 5 nömrəli baş sirkulyasiya nasoslarının təmiri, 1 və 6 nömrəli əsas sirkulyasiya nasoslarının cari təmiri, 4 və 5 nömrəli buxar generatorlarının əsaslı təmiri, turbogeneratorların orta təmiri nəzərdə tutulub.
İşə yerli işçilər, o cümlədən Rusiya, Xorvatiya, Slovakiya, Çexiya və digər ölkələrdən AES sistemlərinin və avadanlıqlarının təmirində böyük təcrübəyə malik olan mütəxəssislər cəlb olunub. İkinci enerji blokunun istismara verilməsi 28 iyun 2022-ci il tarixinə planlaşdırılır.
Ermənistan AES-i İrəvandan təxminən 30 km qərbdə, Metsamor şəhəri yaxınlığında yerləşir. O, VVER-440 reaktorları olan iki enerji blokundan ibarətdir. Stansiya 1979-cu ildə istismara verilib və 1989-cu ildə Spitak zəlzələsindən sonra fəaliyyətini dayandırıb. 1995-ci ildə Rusiya mütəxəssislərinin iştirakı ilə AES yenidən işə salınıb, bundan sonra stansiyanın ikinci enerji blokunun sənaye istismarı bərpa edilib.
Atom elektrik stansiyası Ermənistanda bütün elektrik enerjisinin təxminən 40%-ni istehsal edir. 2021-ci ilin noyabrında 2 nömrəli enerji blokunun genişmiqyaslı modernləşdirilməsi üzrə işlər başa çatdırıldı ki, bu da onun istismar müddətini 2026-cı ilə qədər uzatmaq imkanı verdi.
Lakin görünən odur ki, modernləşdirmə işləri yalnız sənədlərdə göstərilir və müəyyən qurumlar üçün görünüş xətrinə edilir. Çünki 2021-ci ildə bütün avadanlıqları yenilənən AES-in bir il ərzində köhnəlməsi inandırıcı deyil. “Metsamor” AES texniki və mənəvi cəhətdən köhnəlmiş və bütün regiona yüksək təhlükə potensialını yaradan stansiyadır.
Ermənistan təhlükəli “Metsamor” stansiyasının istismarını uzun illər davam etdirmək niyyətindədir. Bu stansiyada hər hansı ciddi qəzanın baş verəcəyi təqdirdə region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadi həyatının böyük zərər görməsi qaçılmaz ola bilər. Bu səbəbdən də həm region dövlətləri, həm qlobal güc mərkəzləri, həm də beynəlxalq təşkilatlar “Metsamor” AES-in bağlanması ilə bağlı Ermənistandan götürdüyü öhdəliyə əməl etməsini tələb etməli, bu məqsədlə siyasi təzyiq göstərməli, lazımi hüquqi addımlar atmalıdırlar.