Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri”, “general mayor” İqor Korneti həbs edib.
NUHÇIXAN İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, İqor Kornet hazırda Rusiya FTX-nin Rostov-na-Dondakı istintaq təcridxanasında saxlanılır.
"General mayor”un həbsi qondarma respublikanın “siyasi rəhbərliyi” və “güc strukturlarında” kəskin etirazla qarşılanıb. “LXR”-in başçısı Leonid Paseçnik onun sərbəst buraxılması istiqamətində fəaliyyət göstərir.
Həbsin səbəbi barədə məlumat yayılmayıb.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələri aprelin 19-da Luqansk separatçılarının silahlı dəstələrinin rəhbərlərindən biri, “Mişa Çeçen” ləqəbi ilə tanınan "polkovnik-leytenant" Mixail Kişşiki məhv edib. Bildirilib ki, o, Luqansk vilayətinin Kremennoy şəhəri yaxınlığındakı döyüşlərdə öldürülüb.