Qərb tərəfdaşlarımız indiyə qədər Ukraynaya heç bir hərbi təyyarə verməyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski Fransanın BFM telekanalına müsahibəsində deyib. Dövlət başçısı, eyni zamanda, ölkəsinin ağır hərbi texnika ilə təmin olunmasına ümid etdiyini və bu cür yardımı artırmaq cəhdlərini gördüyünü söyləyib.
Qeyd edək ki, aprelin 19-da Pentaqonun mətbuat katibi Con Kirbi son zamanlar Ukraynaya hərbi yardım qismində hərbi təyyarələr göndərildiyini deyib. Lakin o, təyyarələri ABŞ-ın deyil, başqa ölkələrin təqdim etdiyini vurğulayıb. Pentaqon rəsmisinin sözlərinə görə, Kiyev hazırda iki həftə əvvəl əlində olandan daha çox döyüş təyyarəsinə malikdir. Ertəsi gün Ukraynanın Hərbi Hava Qüvvələrinin komandanlığı Qərb tərəfdaşlarından yeni təyyarə almaları barədə deyilənləri təkzib edərək Kiyevə yalnız ehtiyat hissələri verildiyini bildirib.
Volodimir Zelenski bundan öncə Ukrayna KİV-inə müsahibəsində Qərb ölkələrinin Kiyevi kifayət qədər silahla təmin etmədiyini demişdi.