Kiyevdə səfərdə olan Danimarkanın baş naziri Mette Frederiksen Ukraynaya yeni silah tədarükü üçün əlavə 600 milyon kron ayrılacağını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Danimarka mətbuatına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən Mette Frederiksen Danimarkanın ilk gündən Ukraynaya hərtərəfli dəstək göstərdiyini bildirib. Ölkəsi tərəfindən bu dəstəyin davam etdiriləcəyini diqqətə çatdıran Danimarka hökumətinin başçısı yeni əhəmiyyətli yardım paketinin ayrılmasından da danışıb.
Onun sözlərinə görə, yardım paketinə 600 milyon kron (təxminən 80,6 milyon avro) məbləğində hərbi yardımın ayrılması da daxildir. Beləliklə, Danimarkanın Ukraynaya ümumi hərbi yardımı 1 milyard kron (134 milyon avrodan çox) təşkil edəcək.
Hərbi yardımdan əlavə, Danimarka Ukraynaya minaların təmizlənməsində də köməklik göstərmək öhdəsini öz üzərinə götürüb. “Əgər biz insanların bütün həyatları boyu yaşadıqları yerlərə qayıtmasını istəyiriksə, o zaman bu əraziləri təmizləmək lazımdır. Biz sizinlə birlikdə Ukraynanın bərpası üçün birgə işləmək istəyirik”, -deyə Danimarkanın baş naziri bildirib.