Türkiyənin daxili işlər naziri: Bursa və İstanbulda baş verən partlayışları törədənlər müəyyən edilib
Türkiyənin Bursa və İstanbul şəhərlərində baş verən partlayışlar PKK nəzdində fəaliyyət göstərən Marksist-Leninist Kommunist Partiyası (MLKP) və İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatlarının üzvləri tərəfindən törədilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Süleyman Soylu açıqlama verib.
Bildirilib ki, İstanbuldakı partlayışda boru tipli akkumulyator qurğusu ilə işləyən bomba, Bursada isə əldə düzəldilən, uzaqdan idarə olunan partlayıcı vasitələrdən istifadə olunub.
Nazir törədilən bu terror aktlarının bütün sübut və görüntülərlə aşkar olunduğunu deyib.
Qeyd edək ki, aprelin 20-də Türkiyənin Bursa vilayətində həbsxana gözətçilərinin xidməti maşınının keçidi zamanı partlayış baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, yaralılar var. İkinci partlayış isə aprelin 21-də Türkiyə Gənclik Vəqfinin (TÜGVA) İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən nümayəndəliyində baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.