2021-ci ildə 44 günlük müharibə zamanı törədilmiş cinayətlərlə bağlı 2150 cinayət işi araşdırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu aprelin 22-də parlamentdəki müzakirələr zamanı Ermənistanın baş prokuroru Artur Davtyan ötən ilin fəaliyyətinin yekunlarını təqdim edərək bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi 800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
“Bu cinayət işləri üzrə 55 nəfər artıq məhkəmə qarşısına çıxarılıb. Bizim də müvafiq hökmlərimiz var”.
A.Davtynan bildirib ki, xüsusilə, döyüş əməliyyatları dövründə Silahlı Qüvvələrin bir çox nümayəndələri hərbi xidmətə laqeyd yanaşdıqlarına görə məhkum olunublar.
“Onların arasında kifayət qədər yüksək rütbələr də daxil olmaqla çoxlu zabitlər var. Onlara qarşı cinayət işi başlanıb. Bəziləri məhkəməyə verilib. Qalan işlərin ibtidai istintaqı davam edir”, - Davtyan bildirib.